Milli Basketbol Assosiasiyasında Şərq Konfransının 1/4 final seriyasında “Boston Seltiks” doğma meydanda “Atlanta Houks”u məğlub edəcəyi halda, növbəti mərhələyə vəsiqə qazanacaqdı. Amma azarkeşləri qarşəsında Co Mazzulanın komandası ümidləri doğrultmayıb. İlk bölümdə “Houks”un ciddi müqaviməti ilə üzləşən “Seltiks” fasiləyə qədər vəziyyəti xeyrinə dəyişə bilib. 3-cü bölüm də “Boston”un üstünlüyü şəraitində keçib. Amma son bölümdə corciyalılar daha məhsuldar oyun sərgiləyərək rəqibini çətin vəziyyətə salıb. Xüsusən də Trey Yanq 38 xal və 13 məhsuldar ötürmə ilə görüşün qəhrəmanına çevrilib. Məhz onun son saniyələrdə dəqiq 3 xallıq atışı qarşılaşmada həlledici olub. Beləliklə də “Boston”u 119:117 hesabıyla məğlub edən “Atlanta” 5 oyundan sonra seriyada fərqi minimuma endirib.
“Boston”dan fərqli “Denver Naqqets” seriyanın 5-ci matçında səhvə yol verməyib. “Boll Arena”da “Minnesota”nı qəbul edən koloradolular ilk bölümdə inamsız təsir bağışlasa da, fasiləyə qədər hesabda önə keçməyi bacarıb. İkinci hissə də bərabər mübarizə şəraitində keçib. Buna baxmayaraq, görüşün sonlarında Camal Mürrey və Nikola Yokiç məhsuldar oyunu sayəsində yerli azarkeşləri sevindirə bilib. Beləliklə də, “Minnesota”nı 112:109 hesabıyla məğlub edən “Denver” seriyada hesabı 4:1-ə çatdıraraq Qərb konfransının yarımfinalına yüksəlib.